Parlamentin payız sessiyasının sonuncu iclası keçirildi

Parlamentin payız sessiyasının son iclası keçirilib. APA TV-nin xəbərinə görə, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, gündəliyə əvvəldən 29 məsələnin salınması nəzərdə tutulsa da, əlavə olaraq, bank kreditləri ilə bağlı bir neçə sənədin də müzakirəsi təklif olunur. O, deputatların rəyini soruşduqdan sonra məsələ gündəliyə salınıb. Deputat Fərəc Quliyev son günlər qiymətlərin artırılması ilə bağlı ölkədə minimum əmək haqqı və yaşayış minimumunun artırılmasını təklif edib.

 

Deputat Zahid Oruc isə Azərbaycan dövlətini ATƏT-in Varşava bürosu ilə münasibətlərini kəsməyə çağırıb. Büronun oktyabr ayında keçirilən prezident seçkiləri ilə bağlı mövqeyinə münasibət bildirən Zahid Oruc deyib ki, onların sonuncu hesabatları əvvəlki hesabatlarından heç nə ilə fərqlənmir: “ATƏT-in seçkilərlə bağlı yekun hesabatını qəbul etmirəm və hesab edirəm ki, bu qurum casus şəbəkəsidir".

 

İclasın davamında deputatlar Azərbaycan Ali Məhkəmə sədri və bütün hakimlərin eyni zamanda Ombudsman və Konstitusiya Məhkəməsi sədrinin aylıq maaşlarının artırılmasını özündə ehtiva edən qanun layihələrini qəbul ediblər. Bundan əlavə, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən, qanunsuz olaraq tutma və həbsə alma cinayətinə görə cəzanın minimum həddi qanunvericilikdən çıxarılıb. Bütövlükdə millət vəkilləri 32 qanun layihəsini müzakirə edərək qəbul ediblər. İclasın sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə parlamentin müraciəti qəbul edilib.

 

Müəllif | Apa.Tv