SAATLIDA KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: ata ölüb, ailənin digər üzvləri xəstəxanadadır
Saatlı rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə rayonun Şirinbəy kəndində qeydə alınıb. Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Ənvər Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Onun həyat yoldaşı, 1937-ci il təvəllüdlü Sona Məmmədova, oğlu 1984-cü il təvəllüdlü Sahib Məmmədov, ailə üzvləri - 2006-cı il təvəllüdlü Aqşin Məmmədov, 2008-ci il təvəllüdlü Fəqan Məmmədov və 1934-cü il təvəllüdlü Dilbər Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar. Azyaşlılar Bakıdakı 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə Toksikoloji Mərkəzə yerləşdirilib. Dilbər Səfərovanın vəziyyətinin ağır olduğu bildirilir. 1 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion-Reanimasiya şöbəsinin məsul həkimi Vaqif Baloğlanovun verdiyi məlumata görə, zəhərlənən şəxslərin vəziyyəti stabildir. Hazırda xəstəxanada olan 3 xəstə reanimasiya şöbəsindən çıxarılıb, müstəqil nəfəs alırlar.
2 saylı uşaq kliniki xəstəxanasından isə bildiriblər ki, azyaşlıların vəziyyəti orta-ağır olaraq qalır.