Azərbaycanda dörd yaşlı qıza QARACİYƏR KÖÇÜRÜLDÜ

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) qaraciyər serrozundan əziyyət çəkən 4 yaşlı Əlizadə Həvva Zaur qızına qaraciyər köçürülməsi (transplantasiyası) üzrə əməliyyat keçirilib. APA TV-nin xəbərinə görə, Salyan rayonunun Arbatan kəndinin balaca sakini Həvva anadangəlmə qaraciyər serrozundan əziyyət çəkir. Valideynləri uşağı İrana aparıblar, müalicənin heç bir xeyri olmadığından Bakıya qaytarıblar. Anası Aygün Əliyeva deyir ki, uşaq gecələr yatmırmış.

 

Bir çox ölkədə pediatrik əməliyyatlar əksər halda mürəkkəb olduğundan edilmir, lakin bu əməliyyat xəstəxananın cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah-mütəxəssisləri tərəfindən həyata keçirilib. 12 saat davam edən əməliyyat uğurla nəticələnib. Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımı lazımi müayinələr apardıqdan sonra balaca Həvvanın qaraciyər transplantasiya üzrə əməliyyatın tələb olunduğunu deyib. Atası Qarabağ əlili olan Həvvanın ailəsinin maddi vəziyyətinin ağır olması nəzərə alaraq əməliyyatın maliyyə hissəsinin böyük bir qismini xəstəxana personalı öz üzərinə götürüb: "Uşağın kiçik olması əməliyyat  üçün tək əngəl deyildi. 4 yaşı olmasına baxmayaraq, qaraciyər xəstəliyinə görə, uşaq inkişafdan da geri qalıb. 11 kilo çəki də idi".

 

Həkimlər Azərbaycan səhiyyəsində bir ilkə imza atıblar.

 

Transplantoloq Eldar Əhmədov deyib ki, pediatrik transplantasiyada yeni bir metod ediblər. Qaraciyərin ən kiçik həcmi belə uşağa böyük gəlirdi.

 

Həvva bir neçə gündən sonra evə buraxılacaq.

 

Müəllif | Apa.Tv