Özünü yandıran QARABAĞ QAZİSİ VƏFAT ETDİ

Dekabrın 25-də özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənov ötən axşam 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Ağır yanıq xəsarətləri alan Qarabağ əlilinin vəziyyəti qəfil pisləşib və həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Səhiyyə Nazirliyinin nümayəndələri dərhal xəstəxanaya gəliblər. Qarabağ qaziləri xəstəxananın həyətinə toplaşıb, mərhumun nəşi ailəsinə təhvil verilib.

Cənazə xəstəxanadan “Göy məscid”ə aparılıb. Zaur Həsənov bu gün dəfn ediləcək.

Xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun ailəsinə 100 min manat maddi yardım edib. Maddi yardım Zaur Həsənovun işsizliyi, ailə üzvlərinin sayının çox olması və maddi durumunun ağır olduğu nəzərə alaraq verilib. Bundan başqa, konfederasiya Zaur Həsənovun övladlarını yetkinlik yaşına çatanadək himayəyə götürüb və onların hər birinə 300 (üç yüz) manat məbləğində aylıq yardım verilməsini qərara alıb.

Dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov AHİK-in binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Zaur Həsənov xəstəxanaya çatdırılıb. Üç gün xəstəxanada intensiv müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 

Müəllif | Apa.Tv