Ərdoğan: “TÜRKİYƏ GENİŞMİQYASLI HÜCUMA MƏRUZ QALIB”

“Türkiyə genişmiqyaslı hücumla qarşı-qarşıyadır”. APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rüşvət əməliyyatından sonra yaranmış vəziyyəti şərh edərkən deyib. Manisada vətəndaşlar qarşısında çıxış edən baş nazir bildirib ki, xaricdəki qaranlıq qüvvələr və onların Türkiyədəki əlaltıları bu ölkəni zəiflətmək, inkişafını dayandırmaq niyyətindədirlər.

Ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə Samsuna səfər edib və çıxışının əsas mövzusu “rüşvət əməliyyatı” olub.

Türkiyənin yeni Avropa Birliyi naziri Mövlüd Çavuşoğlu Avropa Birliyinin ünvanına sərt ifadələr işlədib. O, Türkiyədəki hadisələri artan əndişə ilə izlədiklərini bəyan edən Avropa Birliyinin genişləndirmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füleyə cavab verib. Mövlud Çavuşoğlu Avropa Birliyini daha təmkinli olmağa çağırıb.

Müəllif | Apa.Tv
Apa.tv