Bayram günlərində HAVA NECƏ OLACAQ? - PROQNOZ
Yaxın üç gün ərzində Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman və çiskinli olacağı gözlənilir. Əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub küləyi yanvarın 1-də şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun ayın 30 və 31-də gündüz saatlarında 6-11 dərəcə isti, yanvar ayının 1-də isə 5-7 dərəcə isti olması gözlənilir.
Baş hidroloq Asif Verdiyev APA TV-yə deyib ki, rayonlarda da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Lakin ayın 1-də bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gündüz saatlarında 4-9 dərəcə isti, dağlıq rayonlarda isə 0-5 dərəcə isti gözlənilir.
Yaxın üç gündə metroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.