Arxiyepiskop: "Gömrük İttifaqı Ukraynanın müstəqilliyinə böyük təhlükədir"
"Gömrük İttifaqı 2014-cü ildə Ukraynanın müstəqilliyi üçün ən böyük təhlükə olacaq".
APA TV-nin xəbərinə görə, bu fikri Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığının arxiyepiskopu patriarx Filaret səsləndirib. Onun sözlərinə görə, Avropa İttifaqına inteqrasiya Ukrayna dövlətçiliyinin qorunmasına imkan verəcək: "Avropa İttifaqına daxil olan bütün dövlətlər azad olurlar. Əgər Ukrayna da bu quruma daxil olsa, öz dövlətçilik və suverenliyini qoruyub saxlayacaq. Gömrük İttifaqına qoşulsa, bunları itirəcək".
Filaretin sözlərinə görə, Rusiyanın imperialistik maraqları var, ona görə də Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Ermənistanı özünə birləşdirmək və imperiya qurmaq istəyir. "Bunun qarşısını necə almaq olar? Xalq bu gün Maydanda necə dayanıbsa, axıra kimi elə də davam etməlidir. O qalib gələcək. Əgər cəmiyyət nəyisə istəmirsə, bunu güclə uzun müddət tətbiq etmək mümkün olmayacaq",-deyə patriarx bildirib.
Dekabrın 29-da Maydan Ümumukrayana Birliyi öz manifestini təsdiqləmək niyyətindədir. Bundan başqa, mitinqin iştirakçıları prezidentin, baş nazirin və parlament spikerinin iqamətgahlarına yürüş etməyi düşünürlər.