Yeni ili Azərbaycanda keçirməyə gələn turistlərin sayı artıb

Yeni il ərəfəsində Azərbaycana gələn turistlərin sayı 3-5 faiz artıb. Bu barədə APA TV-yə məlumat verən Turizm Peşəkarları Assosiasiyasının rəhbər Ruslan Quliyev bildirib ki, qonaqlar əsasən İran, Rusiya və Türkiyədəndir.

 

Maraqlıdır ki, hər il yeni ili Bakıda keçirmək üçün Cənubi Azərbaycandan gələnlərin sayı üstünlük təşkil etdiyi halda bu il azalma müşahidə edilib. Amma yeni ilin ən maraqlı keçirildiyi ölkələrdən olan qonşu Rusiyadan Azərbaycana axın bu il də kifayət qədər yüksək olacaq. Turizm şirkətlərindən verilən məlumata görə, bu say daha çox Rusiyada işləyən və yaşayan azərbaycanlıların hesabına artır.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA TV-yə bildirilib ki, Yeni illə əlaqədar turistlərin gəlişi davam etdiyindən statistik məlumatlar tam dəqiqləşməyib. Amma nazirlikdən də güman edirlər ki, həm ölkəyə gələn turistlərin, həm də xaricdə Yeni İli keçirmək  istəyənlərin vətəndaşlarımızın sayı bu il çox olacaq.

 

Müəllif | Apa.Tv