Volqoqradda terror aktını KAMİKADZE GERÇƏKLƏŞDİRİB – SON RƏQƏMLƏR

Volqoqradda dəmiryolu vağzalında gerçəkləşdirilən terror aktı nəticəsində 15 nəfər ölüb, 27 nəfər yaralanıb. APA TV-nin məlumatına görə, bu rəqəmləri Rusiya İstintaq Komitəsi açıqlayıb. Ölənlərdən üç nəfəri polis əməkdaşıdır. Bundan əvvəl verilən məlumatlarda terror aktı nəticəsində 18 nəfərin öldüyü, 50 nəfərin yaralandığı bildirilirdi.

 
Hazırda hadisə baş verən vağzalda qatarların hərəkəti dayandırılıb və əhali ərazidən tamamilə evakuasiya olunub. Partlayış nəticəsində vağzalın konstruksiyasına ciddi ziyan dəyib. Hadisə ilə əlaqədar Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsində qaynar xətt yaradılıb.
 
Rusiya İstintaq Komitəsi Volqoqrad vağzalında törədilmiş partlayışı terror aktı kimi qiymətləndirib. Partlayışı qadın kamikadzenin törətdiyi bildirilir. Artıq baş verən hadisə bağlı cinayət işi başlanılıb.
 
Şəhər Qubernatorluğunun rəhbərliyi partlayış nəticəsində dünyasını dəyişən şəxslərin ailələrinə 1 milyon manat kompensasiya ödəniləcəyini açıqlayıb.
 
APA TV-nin xəbərinə görə, Eyni zamanda baş verən partlayış Azərbaycandan bu ölkəyə gedən qatarların hərəkətinə təsir etməyib. «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA-ya bildirib ki, hazırda hər iki istiqamətdə qatarların hərəkət qrafikində heç bir dəyişiklik yoxdur. Bakıdan Rusiyaya gedən Bakı-Moskva qatarı Volqoqrad şəhərindən keçir. Sabah həmin qatar Bakıya gəlməlidir. Hadisənin bu qatara təsir edib-etmədiyi də sabah məlum olacaq. 

Müəllif | Apa.Tv