Qarabağ əlillərinə statusun verilməsi ilə bağlı MEYARLAR DƏYİŞDİRİLƏCƏK

"Azərbaycanda Qarabağ müharibəsi əlillərinə əlillik statusunun verilməsi ilə bağlı mövcud meyarlara ciddi dəyişikliklər ediləcək. Bu, həmin şəxslərə qoyulan tibbi diaqnozdan asılı olacaq".

APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, 1990-cı illərdə Azərbaycanda bəzi xəstəliklərin müalicəsi yox idisə, bu gün ölkədə müxtəlif əməliyyatlar aparılır. Bu səbəbdən də əlillik statusunun verilməsi ilə bağlı standartlara ciddi dəyişikliklər olunacaq. Eyni zamanda, əlillərin tibbi-sosial ekspert komissiyalarının əsasnaməsinə də dəyişikliklər ediləcək: «Çünki həmin sənəd 1997-ci ildə qəbul olunub. Bu əsasnamə qəbul olunarkən Azərbaycan əhalisi təxminən 8 mln.-a yaxın idi, hazırda isə 9,3 mln.-a yaxındır. Ona görə də həkimlərin iş yükünü nəzərə alaraq, hər bir zona komissiyası 70 min nəfərə xidmət edirdisə, artıq bu rəqəm 200-250 min nəfərə yaxındır».


Nazir müavini deyib ki, ilkin tibbi-sosial ekspertiza müayinələrinin araşdırılması işləri başa çatıb. Yoxlamalar zamanı respublika üzrə 16 850 nəfərin ilkin əllilik sənədlərindən 3 653 nəfərinin sənədləri yoxlanılıb və təsdiq edilib: «11 729 nəfərin ilkin əlillik sənədləri həmin şəxslərin əyani müayinəsi aparılmaqla yoxlanılıb. Əyani müayinəsi aparılmış şəxslərin 6,4%-i barədə əlavə müayinə təyin olunub. Qalan 9,3% tam reabilitasiya, 8,2% hissəvi reabilitasiya olunub. Əyani müayinəyə dəvət olunmuş şəxslərin 11,1%-ı müayinəyə gəlməyib».


 

Nazir müavini qeyd edib ki, tibbi-sosial ekspertiza müayinələrinə dair arayışlar da elektron formada veriləcək.

Müəllif | Apa.Tv