Məhkəmə "Möhtəşəm Yüz il"lə bağlı şikayətə baxmayacaq
İstanbul Prokurorluğu "Möhtəşəm Yüzi İl" serialına qarşı soydaşımız Məhbub Əmrahinin qaldırdığı şikayətin məhkəməyə getməsinə icazə verməyib. Məhbub Əmrahi APA TV-yə bildirib ki, 15 gün ərzində prokurorluğun qərarından şikayət edəcək. Bundan başqa, açıq məktubla qərara etirazını bildirərək paylaşacaq. Onun sözlərinə görə, bu sənədli film olmasa da, ordakı obrazların hamısının əsl tarixi kimliyi qeyd olunur, tək Səfəvilərdən başqa: "Bədii serial olsa da, ordakı bütün şəxslərin hamısının etnik kimliyi gerçək və tarixdə olduğu kimi göstərilib. Rüstəm paşa xorvat, Xürrəm Sultan rus kimi göstərilib. Orda olan bütün şəxslərin gerçək kimlikləri göstərilərkən, bir tək Səfəvilərə qarşı belə haqsızlıq olması insanlara yanlış məlumat verilməsi deməkdir".
Məhbub Əmrahi serialın 115-ci seriyasında Səfəvilərin fars dövləti kimi göstərilməsinə görə məhkəməyə müraciət etmişdi.