Rusiyada partlayış törədən qadın kamikadzenin BAŞI TAPILDI

Rusiya Federasiyası Volqoqrad şəhərinin dəmir yolu vağzalında törədilmiş partlayışı həyata keçirməsi ehtimal olunan qadın terrorçunun başı tapılıb. Hüquq-mühafizə orqanları bu tapıntının kamikadzenin şəxsiyyətini müəyyənləşdirməyə kömək edəcəyini bildiriblər. Rusiya İstintaq Komitəsi terrorçunun özünü vağzaldakı metalaxtaranların qarşısında, polis əməkdaşı ona yaxınlaşarkən partlatdığını açıqlayıb. Bundan əlavə vağzalın təhlükəsizlik sistemi terrorçunun gözləmə zalına daxil olmasına imkan verməyib və bunun nəticəsində çoxlu sayda insan itkisindən qaçmaq mümkün olub.

 

APA TV-nin xəbərinə görə, terror aktı nəticəsində 15 nəfər ölüb, 27 nəfər yaralanıb. Ölənlərin arasında polis və azyaşlı da var. Bundan əvvəl verilən məlumatlarda terror aktı nəticəsində 18 nəfərin öldüyü, 50 nəfərin yaralandığı bildirilirdi. Hazırda hadisə baş verən vağzalda qatarların hərəkəti dayandırılıb və əhali ərazidən tamamilə evakuasiya olunub. Partlayış nəticəsində vağzalın konstruksiyasına ciddi ziyan dəyib. Hadisə ilə əlaqədar Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsində qaynar xətt yaradılıb.

 

Şəhər Qubernatorluğunun rəhbərliyi partlayış nəticəsində dünyasını dəyişən şəxslərin ailələrinə 1 milyon rubl kompensasiya ödəniləcəyini açıqlayıb.

 

Müəllif | Apa.Tv