Bakının şimal çıxışında KİLOMETRLƏRLƏ TIXAC: YÜZMİNLƏRLƏ AVTOMOBİL SAATLARLA YOLDA QALDI

Dünən axşam Bakının əsas küçə və prospektlərində böyük tıxaclar qeydə alınıb. Bakının Afiyəddin Cəlilov, Niyazi küçələrində, həmçinin Tbilisi, Neftçilər, Bülbül prospektlərində və 3-cü mikrorayon dairəsində tıxac yaranıb. Ən acınacaqlı vəziyyət isə Bakı-Sumqayıt yolunun "Şamaxinka" dairəsindən Xırdalan şəhərinədək olan hissəsində müşahidə olunub.

 

APA TV-nin əməkdaşları həmin ərazilərdə çəkiliş aparıblar. Yolda avtomobillərin hərəkəti tam dayandığından insanların bir çoxu avtobuslardan enərək, mənzil başına piyada getməyə üstünlük verirdilər. Onların verdiyi məlumata görə, əksəriyyəti 3 saata yaxın tıxacda qalıb. 

 

Yol polisi əməkdaşları nəqliyyatın hərəkətini nizamlamağa və tıxacı aradan qaldırmağa çalışsalar da, buna nail ola bilmirdilər. Buna bir tərəfdən avtomobillərin çoxluğu, digər tərəfdən isə səbirsiz sürücülərin müstəqil şəkildə çıxış yolu axtarması mane olurdu. Saat 21.00 radələrindən sonra yük maşınlarının onsuz da hərəkətin çətin olduğu yola çıxması vəziyyəti daha da qəlizləşdirdi. Tıxac gecə yarısınadək davam etdi.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, 20 Yanvar dairəsindən Xırdalan şəhəri istiqamətində tıxacın yaranmasına səbəb şəhərdən çıxan avtomobillərin sayının çox olması ilə bağlıdır.

Adətən, böyük bayramlar ərəfəsində Bakının şimal giriş və çıxışında anoloji tıxaclar yaranır. 

Müəllif | Apa.Tv
Apa.tv