Volqoqradda DAHA BİR TERROR AKTI: 15 ÖLÜ - YENİLƏNİB

Rusiya Federasiyası Volqoqrad şəhərində növbəti dəfə terror aktı törədilib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dekabrın 30-da yerli vaxtla saat 08.23-də şəhərin Dzerjinsk rayonu ərazisində 15 saylı trolleybusda partlayış olub. İnsanlarla dolu olan trolleybus bazar və univermağın yerləşdiyi küçə ilə hərəkət edərkən partlayıcı qurğu işə düşüb.

 

Volqoqrad vilayət qubernatorunun müavini Vasili Qaluşkin 15 nəfərin öldüyünü, 23 nəfərin yaralandığını açıqlayıb. Bu partlayışı da bir gün əvvəl olduğu kimi, kamikadzenin törətdiyi bildirilir. Rusiya İstintaq Komitəsi partlayışı terror aktı kimi qiymətləndirib. Artıq baş verən hadisə bağlı cinayət işi başlanılıb. Hadisə ilə əlaqədar Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsində qaynar xətt yaradılıb.

 

Bu arada Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovu sutka ərzində iki terror aktının baş verdiyi Volqoqrada göndərib. Prezidentlə görüşdə Aleksandr Bortnikov və daxili işlər naziri Vladimir Kolokoltsev Dağıstan və Stavropol diyarında dekabrın 20-30-da keçirilmiş əməliyyatlar zamanı bir neçə terrorçunun məhv edildiyi haqda dövlət başçısına məruzə ediblər.

 

Dekabrın 29-da Volqoqrad dəmir yolu vağzalının binasında törədilən terror aktı nəticəsində 17 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

 

Müəllif | Apa.Tv