Masallıda yeni idman mərkəzi açıldı

 

Masallı rayonunun Boradigah qəsəbəsində yeni idman mərkəzinin açılışı olub. APA TV-nin Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, respublika Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov və digərləri yeni idman mərkəzinin istifadəyə verilməsi ilə qəsəbə idmançılarının gələcəkdə daha böyük uğurlara imza atacaqlarına əminliyini ifadə ediblər.

 

Bildirilib ki,  Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin inşaatçıları tərəfindən 2012-ci ilin iyul ayından 1600 kvadratmetr ərazidə tikintisinə başlanılan idman mərkəzinin elektrik sistemi günəş panelləri ilə təchiz olunub. Binanın damında 70 kilovat enerji verən 280 ədəd günəş paneli quraşdırlıb. Burada 9 nəfər daimi işlə təmin olunub.

 

2,5 hektar ərazini əhatə edən idman mərkəzinin ərazisində gələcəkdə stadionun və otelin tikilməsi də nəzərdə tutulub.

 

Mərkəzin qış idman zalında isə mini-futbol, voleybol, basketbol, həndbol, güləş və atletika yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Burada, həmçinin, məşq otaqları inşa edilib, trinajorlar quraşdırılıb.

 

Müəllif | Apa.Tv