Trolleybusu milliyyətçə rus olan 25 yaşlı oğlan partladıb - TƏFƏRRÜATLAR
Rusiya Federasiyası Volqoqrad şəhərində trolleybusda törədilən partlayışın bəzi təfərrüatları məlum olub. İlkin məlumatlara görə, trolleybusda terror aktını Dağıstandakı silahlı qruplaşmalardan birinin üzvü, Mari El Respublikasının Voljsk şəhərindən olan Pavel Peçenkin həyata keçirib.
APA TV-nin xəbərinə görə, terrorçunun şəxsiyyəti barədə yekun məlumatlar DNT analizlərindən sonra açıqlanacaq. Pavel Peçenkinin atası Nikolay artıq qan analizi verib. Nikolay Peçenkin bildirib ki, oğlu bu ilin martından evdən gedib və hər dəfə oğlu barədə məlumatları polislərdən alıb.
Peçenkin Dağıstan yaraqlılarına 2012-ci ilin yazında qoşulub. O, əvvəllər təcili tibbi yardım stansiyasında feldşer işləyib. Sonradan İslam dinini qəbul edib və adını dəyişərək Ənsar ər-Rusi olub. Cinayətkar qruplaşmanın başında isə ruc milliyyətindən 25 yaşlı vəhhabi Aleksey Paşinçev durur. O, Dağıstanın dini lideri şeyx Səid Əfəndi Çirkeyskinin qətlində və hüquq-mühafizə orqanlarının üzvlərinə, dini liderlərə silahlı hücumda təqsirli bilinir.
Bu arada dəmir yolu vağzalında törədilən terror aktında həlak olanların hamısının kimliyi məlum olub. 14 nəfər hadisə yerində, 3 nəfər isə Volqoqradın xəstəxanalarında ölüb. Ölənlərdən 12-si kişi, 5-i qadındır.
Dekabrın 29-da Volqoqradda dəmir yolu vağzalında, 30-da isə trolleybusda terror aktları törədilib. Vağzalda törədilən partlayışda 17 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. Trolleybusda törədilən partlayışda isə 14 nəfər ölüb, 28 nəfər yaralanıb.