Məhəmməd Peyğəmbərin vəfatına təsadüf edən 31 dekabr necə qeyd olunmalıdır?

31 dekabr Miladi təqvimlə müxtəlif ölkələrdə yeni il kimi qeyd edilir. Lakin yalnız bu il 31 dekabr Hicri təqvimi ilə Məhəmməd Peyğəmbərin vəfatı və İmam Həsənin şəhadət gününə təsadüf edir. İslam Peyğəmbərinin vəfatına təsadüf edən günlə bağlı müxtəlif yanaşma var. “Gileyli” məscidinin axundu Mirhəmid Məmmədov hesab edir ki, Hicri Qəməri təqvimi ay təqvimi hesab olunur və müsəlmanlar adətən dini ayinləri bu təqvimə əsasən icra edirlər. Onun sözlərinə görə, həmçinin islam aləmində Məhəmməd peyğəmbərin hansı gündə dəfn edilməsi ilə bağlı da müxtəlif fikirlər mövcuddur. 

 

Mirhəmid Məmmədov APA TV-yə bunları deyib: "Biz təsəvvür etsək ki, peyğəmbərimizin vəfatı 31-i dekabrdır. Deməli, şəriət qaydası ilə 30 dekabr axşamından həmin mərasim başlayır. Çünki  dini baxımdan həmin günü axşamından başlayır. Cümə günü müqəddəs gündür, amma cümə axşamı müqəddəsdir. Günorta namazı bitəndən sonra cümə demək olar ki, bitir".

 

Axund hesab edir ki, Məhəmməd Peyğəmbərin ruhuna hörmət hər bir müsəlmanın borcudur. Buna baxmayaraq, yeni ili qeyd etmək məsələsini insanların öz seçiminə buraxmaq lazımdır: "Bu şəriət qanuni deyil ki, buna kimsə hökm verilsin. Dinimizdə nə olar, nə olmaz Quranda, Müqəddəs , Şəriətdə qeyd olunur. Hər bir insan özü seçim etməlidir. Kimin necə istəyirsə edə bilər. Haram işlər həmişə qadağandır".

 

Təqvimlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən hər hansı hökm və ya fətva verilməyib.

 

Müəllif | Apa.Tv