Turistlər "Şahdağ"a axın edir

Yeni il ərəfəsində Qusarda yerləşən “Şahdağ” qış-yay turizm kompleksinə gələn turistlərin sayı artmaqdadır. Xüsusilə həftə sonları mərkəzdə turist sıxlığı müşahidə olunur. Dekabrın 15-də qış mövsümünə start verən mərkəzi 5 mindən yuxarı turist ziyarət edib. Otellərin qiyməti şəraitindən asılı olaraq 100-2000 manat arasındadır.

 

İstirahət mərkəzində 6 ədəd müxtəlif hündürlüklərdə yerləşən kanat yolu var. Kanatlardan bir dəfə istifadə böyüklər üçün 6, uşaqlar üçün isə 3 manata başa gəlir. Bundan başqa, turistlər 7 xizək zolağından istifadə edə bilər ki, onların da 2-si xizək sürməyə yeni başlayanlar üçün nəzərdə tutulub. Mərkəzdə fəaliyyət göstərən xizək məktəbinin qiymətləri keçirilmə formasından asılı olaraq, uşaqlar üçün 5-138, böyüklər üçün isə 10-215 manat arasında dəyişir. Mütəxəssis Elbrus İsakov APA TV-yə deyib ki, üç-dörd dərsdən sonra enişlərdə rahat sürmək olur. Amma daha böyük və sərt yoxuşlara qalxmaq üçün təxminən beş-altı dərs keçmək lazımdır.

 

Mərkəzdə xizəksürmə avadanlıqlarının icarəyə verilməsi üçün kompleksdə mağaza var. Şəxsiyyəti təsdiq edən hər hansı bir sənədi təqdim etməklə siz sözügedən avadanlıqları icarəyə götürə bilərsiz. Qiymətlərə gəlincə isə, xizək ayaqqabısı və çubuğu, dəbilqə, şalvar və gödəkçədən ibarət avadanlıqların bir günlük icarə haqqı həftənin iş günləri 28-43, şənbə və bazar günləri isə 42-67 manat arasında dəyişir. 

Müəllif | Apa.Tv
Vəli Turan