Ölkəyə 2000 "London taksisis" gətiriləcək

"Gələn il ölkəyə 2000 ədəd yeni "London" taksilərinin gətirilməsi nəzərdə tutulur".

 

Bu barədə APA TV-yə məlumat verən Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov deyir ki, bununla yanaşı, 1200 ədəd yeni standartlara cavab verən avtobus da gətiriləcək: "Gətiriləcək yeni taksi və avtobuslar kifayət edəcək ki, Avropa Olimpiya oyunları zamanı ölkəmizə gələcək turistləri nəqliyyatla təmin etsin. Onların bir yerdən digər yerə aparmaq üçün daha rahat vasitələrdən istifadə olunacaq".

 

Gəncə, Sumqayıt, Qəbələ, Quba və digər turizm şəhərlərinin də yaxın iki ildə yeni standartlara cavab verən ictimai nəqliyyatla təmin ediləcəyini deyən Namiq Həsənov onu bildirib ki, yeni avtobus və taksilərdə wi-fi sistemi də quraşdırılacaq. Eyni zamanda əlillərin ictimai nəqliyyatdan rahat istifadəsi üçün pandusların da quraşdırılması nəzərdə tutulur: "Hazırda panduslar bütün London taksilərindəvar və yeni gətirilməsi nəzərdə tutulan taksilərdə də quraşdırılacaq. Lakin əhalinin istəkləri nəzərə alınıb yeni avtobuslarda da pandusların quraşdırılması mütləq şəkildə həyata  keçiriləcək".

 

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxtda quraşdırılacaq işıqforların sayının da artırılacağını deyən Namiq Həsənov bildirib ki, Bakıda quraşdırılması planlaşdırılan yeni rəqəmli işıqforlar nəqliyyat sahəsindəki son texnologiyaları özündə birləşdirəcək.

Müəllif | Apa.Tv