Antarktida buzlarında qalan gəmidən 74 NƏFƏRİ EVAKUASİYA ETMƏK MÜMKÜN OLMAYIB

Antarktida buzlarında qalmış Rusiyanın "Akademik Şokalskiy" gəmisinin heyətinin evakuasiya edilməsi yenə təxirə salınıb. Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi bunun səbəbini keçilməz buz örtüyünün olması ilə əlaqələndirib.

 

APA TV-nin xəbərinə görə, daha əvvəl evakuasiyanın yaxın vaxtlarda gerçəkləşdiriləcəyi bildirilmişdi. Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsinin məlumatında bildirilir ki, qalın buz örtüyü Avstraliyanın buzqıranından barjların Çinin "Syuelun" gəmisi istiqamətində hərəkətini blok edir. Çin gəmisi isə daha sonra helikopterlə sərnişinlərin ora daşınması üçün nəzərdə tutulub. Sərnişinlərin birbaşa Avstraliya buzqıranına evakuasiyası da mümkün deyil. Helikopter nə gəmiyə, nə də onun yaxınlığında buz örtüyünə enə bilir.

 

"Akademik Şokalskiy" gəmisinin sərnişinlərinin evakuasiyası barədə qərar dekabrın 30-da Avstraliya buzqıranın ona yaxınlaşması mümkün olmadıqdan sonra verilib. Lakin pis hava şəraiti ilə əlaqədar xilasetmə işləri təxirə salınıb.

 

Rusiya Xarici işlər Nazirliyinin yaydığı məlumatda "Akademik Şokalskiy" gəmisi ilə əlaqə saxlanıldığı və heyətin bütün üzvlərinin və ekspedisiya iştirakçılarının vəziyyətinin yaxşı olduğu, həyatlarına təhlükə olmadığı bildirilir. Gəminin göyərtəsində 74 nəfər var ki, onlardan 22-si Rusiya vətəndaşıdır. Gəmidən yalnız sərnişinlərin evakuasiya edilməsi planlaşdırılır.

 

Müəllif | Apa.Tv