Bayramda Təcili Tibbi Yardım Stansiyasına 5000-NƏ YAXIN MÜRACİƏT OLUB - REKORD GÖSTƏRİCİ

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) bayram günlərində 2500 müraciət daxil olub. Stansiyanın Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA TV-yə deyib ki, müraciət edən 2500 xəstənin 1920-si xəstəxanaya yerləşdirilib. Müraciətlər əsasən, mədə-bağırsaq xəstəlikləri, qan-damar xəstəlikləri, təzyiqlə bağlı olub. Yanvarın 1-də isə çağırışların sayı 2400 olub.

 

Çağırışların 404-ü uşaqlarla bağlı olub. Respirator xəstəliklər diaqnozu ilə 17 uşaq xəstəxanaya yerləşdirilib.

 

Bayram axşamı dəm qazından zəhərlənənlər də az olmayıb. İki gündə 23 nəfər dəm qazından zəhərlənib. Dekabrın 31-də zəhərlənən 10 nəfərdən 9-u, yanvarın 1-də 13 nəfərdən 10-u xəstəxanaya yerləşdirilib. Bir nəfərin  həyatını isə xilas etmək mümkün olmayıb. Bu, Sabunçu rayon sakini Samir İbrahimovdur. Onun meyiti vanna otağında tapılıb.

 

Zemfira Vahidova bildirib ki, bu bayramda  çağırışlar rekord həddə çatıb. Onun sözlərinə görə, son 10-15 ildə belə halla qarşılaşmayıblar. Əvvəlki illərdə çağırışların sayı 1800-2100 arasında olub. Bayram günlərində  Təcili Tibbi Yardım Stansiyasının 140 həkim briqadası xəttə çıxarılıb. Onun sözlərinə görə,  havada dəyişiklik olarsa, xüsusi təyinatlı avtomobillərlə əhaliyə xidmət göstərəcəklər.

 

Müəllif | Apa.Tv