Gəncədə keçmiş məhkumun İNTİHARA CƏHDİNİN SƏBƏBİ BİLİNDİ

Gəncədə intihara cəhd edilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə Gəncə sakini, 26 yaşlı Rüstəm Ayaz oğlu Hüseynov yaşadığı Üzeyir Hacıbəyov küçəsindəki 4 mərtəbəli binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar etmək istəyib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və Kəpəz rayon Polis İdarəsinə məlumat verilib və dərhal nazirliyin Gəncə Regional mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Psixoloji danışıqlar zamanı “Qaqili” ləqəbi ilə tanınan Rüstəm Hacıyev aşağı enmək üçün şərt irəli sürüb. Deyib ki, Kəpəz rayon Polis İdarəsinin Ceyhun adlı tədqiqatçı gəlməzsə, özünü atacaq.

 

Bir saatdan çox keçməsinə baxmayaraq, tələbininin yerinə yetirilmədiyini görən Rüstəm Hüseynov 3-cü mərtəbənin eyvanından özünü yerdə quraşdırılmış xilasetmə yastığının yox, 1-ci mərtəbədə yerləşən mağazanın dam örtüyünün üzərinə atıb və xəsarət alıb.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xəsarət almış R.Hüseynovu oradan endirərək Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparıblar. Həkimlər Rüstəm Hüseynovun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

 

Rüstəm Hüseynovun atası Ayaz Hüseynov APA TV-yə bildirib ki, Kəpəz rayon Polis İdarəsində işləyən Ceyhun adlı təhqiqatçı Rüstəmə zəng edərək telefonda söyüb. Rüstəm bu söyüşləri qəbul etməyərək tədqiqatçı ilə görüşmək istəyib. İstəyi baş tutmadığı üçün özünü eyvandan atıb.

  

Kəpəz rayon Polis İdarəsində təhqiqatçı vəzifəsində çalışan Ceyhun Musayev isə APA-ya iddiaları təkzib edib və Rüstəm Hüseynovu tanımadığını deyib.

 

İki uşaq atası olan Rüstəm Hüseynov iki dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli