ABŞ-da qar aeroportların fəaliyyətini iflic etdi
Amerika Birləşmiş Ştatlarının şimal-şərqinə güclü qar yağıb. Ştatlarda min beş yüz daxili və beynəlxalq reys ləğv edilib və 4 min 500 reys təxirə salınıb. Əlverişsiz hava şəraiti daha çox Çikaqo, Klivlend və Nyuark hava limanlarına təsir edib. O cümlədən Con Kennedi adına aeroportun da onlarla reysi ləğv edilib. Sinoptiklər hesab edir ki, külək və qar yanvarın 3-də gecə daha da güclənəcək. APA Tv xəbər verir ki, proqnozlara əsasən, Vaşinqtona 2 sm qar düşəcəyi halda, Boston və yeni İngiltərənin digər rayonlarında qarın hündürlüyü 36 sm-yə çatacaq. Bəzi rayonlarda gecə temperatur -30 dərəcəyə düşə bilər ki, bu, rekord göstəricidir. Meteoroloqlar artıq yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq ediblər və insanları avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadə etməyə çağırıblar. Boston rəhbərliyi artıq məktəblərin bağlanması barədə qərar verib.