Hərbçilərin avtomobili aşdı: 3 YARALI
Sabirabad rayonunda ağır yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, “Daewoo” markalı, 10 VZ 725 dövlət nömrə nişanlı avtomobil gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 18-ci kilometrliyində Şəhriyar kəndi ərazisində qəzaya uğrayıb. Sürətlə hərəkətdə olan avtomobil sərt döngədə yoldan çıxaraq aşıb. Nəticədə sürücü, 1993-cü il təvəllüdlü Məmmədov Abbas Əlmirzə oğlu və sərnişinlər - Sumqayıt sakini, 1990-cı il təvəllüdlü Nuriyev Azər Akif oğlu və 1981-ci il təvəllüdlü Mirzəyev Elxan ağır bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Avtomobildə olan hər üç şəxs Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçusudur.
Yaralılar DİN-in Bakıdakı hərbi hospitalına göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.