Rza Zərrab nazir ailəsini Kəbəyə aparıb

Türkiyədə rüşvət və korrupsiya qalmaqalı ilə bağlı yeni faktlar ortaya çıxıb. APA TV-nin məlumatına görə, hadisələrin əsas adlarından biri, azərbaycanlı iş adamı, hazırda həbsdə olan Rza Zərrabın Türkiyə hökumətinin üzvləri ilə yeni əlaqələri aşkarlanıb. İstefaya gedən daxili işlər naziri Müəmmər Gülərdən sonra onun digər sabiq nazir Zəfər Çağlayanla da əlaqələrinin olduğu məlum olub. Rza Zərrab keçmiş iqtisadiyyat nazirinin ailəsini Kəbəyə ziyarətə aparıb. İş adamının həyat yoldaşı, məşhur müğənni Ebru Gündəş də onlarla bir yerdə olub. Məlumatlara görə, bu Kəbə səfəri ötən il martın 22-də baş tutub. İddialara görə, Rza Zərrab İranın Türkiyədən qızıl idxalatından əldə olunan pulun mində beş faizini Zəfər Çağlayana rüşvət verirmiş. Ancaq istintaq zamanı iranlı biznesmen bu iddiaları təkzib edib.

 

Rza Zərrab ötən il dekabrın 17-də keçirilən böyük "rüşvət əməliyyatı"  çərçivəsində saxlanılıb, barəsində həbs-qətimkan tədbiri seçilib. Bu il yanvarın 2-də müğənni Ebru Gündəş də ifadəsi alınmaq üçün polisə çağırılıb.

 

Bu arada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Ankara Cümhuriyyət baş Prokurorluğuna iddia ərizəsi ilə müraciət edib. İddia ərizəsində “Balyoz” və “Ergenekon” adı ilə tanınan cinayət işlərində adı keçən Türkiyə Silahlı Qüvvələrinin fəaliyyətdə və istefada olan personalına qarşı Silahlı Qüvvələri hədəf alacaq şəkildə ittihamlar irəli sürüldüyü, prokuror və hakimlərin müttəhimlərin müdafiə hüququnu nəzərə almadığı, ittiham dəlillərini manipulyasiya etdiyi bildirilib. “Balyoz” prosesində vəkil kimi iştirak etmiş Haluk Pekşen bildirib ki, bu barədə ona Baş Qərargahdan zəng edərək telefonla məlumat veriblər.

 

Ötən həftə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Akdoğan “milli orduya tələ quruldu” bəyanatı ilə çıxış edib. Bundan sonra vəkil Haluk Pekşen Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına müraciət edərək, məsələ ilə bağlı iddia ərizəsi verilməsini xahiş edib.

 

Ölkənin yeni qurulan kabinetində təyinatlar da davam edir. Yeni ədliyyə naziri Bəkir Bozdağ qardaşını özünə baş məsləhətçi təyin edib. Ədliyyə Nazirliyinin baş müşaviri postuna Ünal Bozdağ gətirilib. Boş qalan bu vəzifəyə bu vaxta qədər kadrlar şöbəsinin rəis müavininin təyinatı Rəsmi Qəzetdə yayınlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv