Sabiq nazir: "Ərdoğan faktları ört-basdır edir" - İTTİHAM
"Türkiyədə baş nazir ortaya çıxan fakt və iddiaları ört-basdır etmək üçün əlindən gələni edir".
Bunu APA-nın Türkiyə müxbirinə "rüşvət əməliyyatı"ndan sonra AKP sıralarından istefa verən millət vəkili, sabiq nazir Ərtuğrul Günay deyib. Sabiq nazir Rəcəb Tayyib Ərdoğanı hüquq çərçivəsinə dönməyə dəvət edib: "Əks-təqdirdə Türkiyədə böhran və xaos dərinləşəcək. Elə vəziyyət yaranıb ki, prokurorluğun və məhkəmənin tələblərinə baxmayaraq, polis qüvvələri şübhəli şəxsləri istintaqa cəlb etməkdən boyun qaçırır. Polis və ədliyyə orqanlarında bir dini icmaya mənsub olan kadrların kök salmasından söhbət gedir. Polis baş nazirin əmrlərini yerinə yetirəndə “qəhrəman” olur, ancaq qanunun tələbələrini yerinə yetirməyə gələndə ölkədə “paralel dövlət” olduğu ortaya çıxır. Prokurorluq və məhkəmələrin işinə əngəl törətməklə baş nazir suça yol verir".
Ə.Günay bildirib ki, 2011-ci ildəki seçkidən sonra baş nazir hər şeyi öz əlində cəmləşdirməyə çalışıb. Onun fikrincə, martın 30-da keçiriləcək bələdiyyə seçkilərində iqtidardakı AKP-nin reytinqinə mənfi təsir göstərəcək: "Siyasi təcrübəm göstərir ki, Türkiyədə rüşvət və qanunsuzluğun ortaya çıxması istənilən iqtidarın reytinqini aşağı salır. Proqnozum düz çıxmasa, onda siyasətə yanaşma tərzimə yenidən baxacağam".
O, baş nazirin mitinqlərdə çıxış edərək prokurorları, hakimləri hədəfə almasının doğru olmadığını vurğulayıb.