Misirdə QANLI TOQQUŞMALAR
Ötən gün Misirdə cümə namazından sonra keçirilən etiraz aksiyaları qanlı toqquşmalarla nəticələnib. APA TV-nin məlumatına görə, tələfat sayı ilə bağlı ziddiyyətli rəqəmlər səslənir. Misirin Səhiyyə Nazirliyi 11 nəfərin öldüyünü açıqlasa da, İstiqlal Partiyası azı 17 nəfərin öldüyünü bəyan edib.
Məlumata görə, cümə namazından ölkənin bir sıra şəhərlərində, o cümlədən, Qahirə, İsgəndəriyyə, İsmailiyyə, Fəyyum və Minyada devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları küçələrə çıxıblar. Polisin nümayişçiləri dağıtmaq cəhdi toqquşmalarla nəticələnib.
Xatırladaq ki, ötən ilin iyulunda Misir ordusu “Müsəlman qardaşları” hərəkatı və islamçı prezident Məhəmməd Mursiyə qarşı qiyam qaldırıb. Prezident vəzifəsindən uzaqlaşdırılıb və ölkədə müvəqqəti hakimiyyət qurulub. Eks-prezidentin özü həbs edilib.
Bunun ardınca “Müsəlman qardaşları” hərəkatının tərəfdarlarının etirazları Misirdə növbəti böhrana səbəb olub. Toqquşmalar nəticəsində 1000-dən artıq adam ölüb, minlərlə Mursi tərəfdarı həbs edilib. Dekabrın sonlarında Misirin müvəqqəti hökuməti “Müsəlman qardaşları”nı rəsmən terror təşkilatı elan etdi və onun fəaliyyəti qadağan olundu.
10 gün sonra Misirdə yeni Konstitusiya ilə bağlı referendum keçirilməlidir. Hərbçilərin dəstəyinə güvənən müvəqqəti hökumət hesab edir ki, yeni Konstitusiya Misiri demokratik idarəetməyə qaytarmalıdır. "Müsəlman qardaşları" isə misirliləri referendumda iştirak etməməyə çağırır.