Lənkəran sakini həyətində 150 növ nadir quş saxlayır
Lənkəran adı “Qırmızı Kitab”a daxil edilmiş quşların məskunlaşdığı ərazilərdən sayılır. Rayonun spesifik iqlim şəraiti müxtəlif növ qanadlıların nəsil artmasına zəmin yaradır. Məsələn, Liman şəhər sakini Abas Abasov həyətyanı sahəsində 150 növədək nadir quş bəsləyir.
Abas Abbasov APA TV-yə deyib ki, təbiət vurğunudur. 17 yaşından meylini quşlara salıb. Vaxtı ilə onun həyətində 300-350 növdə dünyanın ən nadir quşları bəslənilib. Onların arasında vətəni əvvəllər Lənkəran sayılan, lakin sonralar İngiltərə bataqlıqlarında məskunlaşan qırmızıdöş qaz xüsusi yer tutub.
Bu gün isə Abas Abasovun mini zooparkında vətəni Çin sayılan nadir quş növlərindən mandarin və fazanla yanaşı, Kanadadan tutmuş Avstraliyaya qədər ən müxtəlif ölkələrın təbiətinə xas olan quş növlərini görmək mümkündür.
Məlum olduğu kimi hazırda yalnız Bakı şəhərində heyvanat parkı mövcüddur. Yolun uzaqlığı isə bəzi hallarda əyalətdə yaşayan insanların paytaxt zooparkına getmək arzsunun reallaşmasına mane olur. Çünki Bakıya getmək üçün ya maddi vəsait, ya da vaxt çatmır. Abas Abasovun sözlərinə görə, o, Lənkəranda öz gücünə heyvanat parkı yarada bilər.
Hələ 1990-cı illərin əvvəllərində Abas Abasovun xahişi nəzərə alınaraq, ona heyvanat parkı yaratmaq arzusunu reallaşdırmaqdan ötrü Liman şəhəri ərazisində 1 hektar torpaq sahəsi ayrılıb. O, burada dərinliyi 10 metr olan süni göl yaradıb, heyvanları saxlamaq üçün hücrələr tikib. Həmçinin, bağda dünyanın müxtəlif ölkələrindən gətirdiyi 300-dək nadir ağac növü əkib.