Hacıqabulda qatar qəzası: YÜK QATARI RELSDƏN ÇIXIB AŞDI

Hacıqabul rayonunda yük qatarı relsdən çıxıb, 7 vaqon aşıb. Hadisə Bakı-Qazax dəmir yolunun 150-ci kilometrliyində, Hacıqabul rayonun Qarasu kəndi ərazisində baş verib.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, relsdən çıxan 7 vaqonundan birində daşınan dizel yanacağı ətrafa dağılıb. Qatarlardan digərində taxta materialı olub, digər qatarlar isə boş olub. Yük qatarının qoşqusunda həmçinin benzin vaqonları da olub. Baş verə biləcək yanğın və hər hansı fövqəladə hadisənin qarşısının alınması üçün təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul, Sabirabad, Kürdəmir rayonlarının və Şirvan şəhər bölmələrinin yanğından mühafizə xidmətlərinin avtomobilləri cəlb edilib.

Hələlik hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.

 

Fövqəladə Hallar Nazirliyinin baş vermiş dəmir yol qəzası ilə bağlı məlumat yayıb. Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və  hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb.

Nəticədə 2 sistern aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb. Sisternlərdən birinin qapağında mazut qalıqları yanıb. Dərhal yanğının qarşısı  yanğınsöndürənlər tərəfindən alınıb, ərazidə təhlükəsizlik tədbirləri görülüb.
 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı