Gül Ərdoğana qarşı: "Bu məsələnin üstünə getmək lazımdır" - RÜŞVƏT QALMAQALI
“Korrupsiya halları ört-basdır edilərsə, cəmiyyət çürüyər. Bu məsələnin üstünə getmək lazımdır”.
APA TV-nin xəbərinə görə, Türkiyə prezidenti Abdulla Gül “Habertürk” telekanalının canlı yayınında ölkədə baş verən son hadisələrə dair jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Gül bildirib ki, prokurorların və məhkəmələrin vəzifəsi qanunsuzluqları qanun çərçivəsində ortaya çıxarmaqdır: “Heç bir şeyin üstü qapadıla bilməz. Yanlış əməlləri olmayanlar qorxmamalıdır”.
Prezident dekabrın 17-dən başlayan rüşvət və korrupsiya əməliyyatı ilə iyun ayında baş vermiş Gəzi Parkı hadisələri arasında paralellik quran və hər iki hadisənin xarici qüvvələr tərəfindən hökumətə qarşı qurulmuş oyun olduğunu iddia edən Ərdoğan hökumətini mövqeyi ilə razılaşmayıb: “Gəzi olayları ilə korrupsiya istintaqını bir-biri ilə əlaqəli görmürəm. İkisi bir-birindən ayrı məsələlərdir”.
Abdulla Gül nurçuların dövlət içində dövlət qurduqları barədə baş nazirin və onun tərəfdarlarının bəyanatlarına da münasibət bildirib. O deyib ki, dövlət içərisində hansısa ayrı bir dövlət və ya paralel struktur ola bilməz və olmamalıdır: “Bu tip məsələlərdə şəffaflıq önəmlidir. Dövlət qurumları Konstitusiyaya, qanunlara, iyerarxiyaya diqqət etməlidir. Qurumun xaricindən hansısa təlimat almaq və ya kənara məlumat ötürmək kimi hallar əsla olmamalıdır. Belə şeylər olarsa, təbii ki, araşdırılmalıdır və lazımi addımlar atılmalıdır”.
Dövlət başçısı daha bir məsələdə baş nazir Ərdoğandan fərqli mövqe ortaya qoyub. O, parlament üsul-idarəsinin Türkiyə üçün daha uyğun olduğunu vurğulayıb.