ƏSGƏR AİLƏSİNİN 3 ÜZVÜ ÖLDÜ

Lənkəranda baş verən avtomobil qəzasında bir ailənin üç üzvü ölüb. APA-TV-nin cənub bürosunun məlumatına görə, hadisə yanvarın 5-də saat 10.30 radələrində Ələt-Astara magistralının 181-ci kilometrliyində - rayonun Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb. Şəki rayon sakini Fuad Həsənovun idarə etdiyi “VAZ-2103” markalı, 02 BA 768 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək qarşı tərəfdən gələn  Səxavət adlı sürücünün idarə etdiyi “VOLVO” markalı, 99 JE 292 dövlət nömrə nişanlı ağır tonajlı yük maşınının yoluna çıxaraq onun altına girib. Nəticədə “VAZ-2103”-ün sürücüsü və avtomobildə olan sərnişinləri, həyat yoldaşı ilə qızı Məhəbbət Həsənova aldıqları çoxsaylı bədən xəsarətləri ilə hadisə yerindəcə dünyasını dəyişiblər. Hər üç meyit Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. İlkin versiya kimi hadisəyə “VAZ-2103” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması ilə “VOLVO”-nun yoluna çıxmasının səbəb olduğu bildirilir. Qəzaya uğramış ailə Lənkəranda hərbi qulluq keçən övladının yanına gəlirmiş. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv