Suriyada OĞURLANAN JURNALİST AZADLIQDA
Suriyada qaçırılan türkiyəli fotoreportyor Bünyamin Aygün azadlığa buraxılıb. APA TV-nin məoumatına görə, son günlər bölgədə qruplaşmalar arasında güc nisbəti dəyişdiyindən, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı 40 gün əvvəl qaçırılan fotomüxbirin azad edilməsi üçün fəaliyyətə başlayıb. Təşkilatın xarici əməliyyatlar idarəsinin əməçkdaşlarından ibarət 8 nəfərlik qrup ötən axşam Suriya sərhədini keçərək, 20 kilometr irəliləyib və Bünyamin Aügünü təhvil alıb. Fotoreportyor və onu gətirməyə gedən qrup artıq Türkiyədədir.
“Milliyət” qəzetinin məkdaşının azad edilməsi ilə bağlı ilk açıqlama baş nazir Rəcəb Tayyib Ərdoğandan gəlib. O, Yaponiyaya səfərindən əvvəl keçirdiyi brifinqdə bildirib ki, Bünyamin Aygünün azad edilməsi an məsələsidir.
Fotomüxbirin azad edilməsi ilə bağlı bəzi təfərrüatlar da ortya çıxıb. Məlumata görə, onu “əl-Qaidə”nin Suriyadakı qruplaşması qaçırıbmış. Lakin Suriyadakı müxalifətin yaratdığı “İslam cəbhəsi” adlı qruplaşma ilə “əl-Qaidə” silahlıları arasında toqquşmalar baş verib və bölgə “İslam cəbhəsi”nin nəzarətinə keçib. Onlar isə Binyamin Aygünü azad ediblər.
Qeyd edək ki, Suriya iki ildir, dünyanın jurnalistlər üçün ən təhlükəli ölkəsi elan edilir. Jurnalistlərin Müdafiəsi Komitəsinin hesablamalarına görə, ötən il bu ölkədə peşə borcunu yerinə yetirərkən 28 reportyor öldürülüb, 60-ı qaçırılıb. Qaçırılan jurnalistlərdən yarısı hələ tapılmayıb.