21 yaşlı oğlanı ölümcül yaraladılar

Şirvanda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhərinin Şıxbalaoğlu küçəsində qeydə alınıb. Şirvan sakini, 21 yaşlı Hacıbala Səfərov Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Cərrah-həkim Mikayıl Qocayev deyib ki, Səfərov Hacıbala Elşən oğlu qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Xəstə üzərində cərrahiyyə əməliyyatı aparılıb. Aşkar olunub ki, xəstədə qaraciyər böyük piyliyinin kəsilmiş-deşilmiş yaraları var. Xəstədə yaralar tikilib. Hal-hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilməkdədir.

 

Həkimlər xəstənin vəziyyətini  ağır qiymətləndirir. Xəstə komatoz vəziyətdə olduğundan hadisənin təfsilatı istintaqa tam aydın deyil.

 

Hadisənin hələlik istintaqa adı Çingiz kimi məlum olan Şirvan sakini  tərəfindən törədildiyi ehtimal olunur. Həmin şəxs hadisə yerindən qaçıb. Polis tərəfindən onun axtarışları davam etdirilir.

 

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı