ÖZÜNÜ ASAN 11 YAŞLI QIZIN ANASI VƏ ÖZÜ DANIŞDI - YENİLƏNİB
Şamaxı rayonunda azyaşlı qız intihara cəhd edib. Rayonun Göylər kəndində yaşayan, 2002-ci il təvəllüdlü Səlimova Pərvanə Hafiz qızı özünü yaşadığı evin həyətindəki hamamda öldürmək istəyib. Qızını axtaran anası hamama girdikdə Pərvanə Səlimovanı orada tavandan asılı vəziyyətdə görüb. Ailə üzvlərinin və qonşuların köməkliyi ilə boğazından kəndir çıxarılan gənc qız ağır vəziyyətdə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
APA TV xəbəri verir ki, həkimlərin səyi nəticəsində Pərvanə Səlimova bir sutkadan sonra komadan ayılıb. Gənc qızın yaddaşı tam bərpa olunmasa da, o valideylərini tanıyır, amma başına gələn hadisələrdən xəbərsiz olduğunu bildirir. O, bir həftə öncə intihar edən qonşusu qızı, 1999-cu il təvəllüdlü Nuranə İsmayılovanın ölümünə görə çox pis olduğunu bildirib.
Pərvanə Səlimovanın anasının sözlərinə görə, qonşusu qızının intiharı 11 yaşlı qıza çox pis təsir edib. Evdə ailə üzvlərinin 14 yaşlı Nuranə İsmayılovanın özünü asması barədə danışması onda maraq doğurub.
Psixoloq-həkim Elşən Abdulovun sözlərinə görə, valideynlər ailədəki azyaşlıların yanında intihar edən insanlar barədə və digər kriminal hadisələr haqqında danışmamalıdır. Hətta ailəyə yaxın insanlar dünyasını dəyişəndə onların nədən və hansı şəraitdə öldüyünü uşaqlara deyilməməlidir.