Təcili tibbi yardıma 16500 müraciət, 80 qəza, 28 ölü - BAYARMIN ACI STATİSTİKASI

"Dekabrın 31-dən yanvarın 6-dək Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16500 müraciət daxil olub. Müraciət edənlərdən 1200 nəfər xəstəxanaya yerləşdirilib".  Bunu APA TV-yə  Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının büyük həkimi Leyla Musayeva bildirib. Onun sözlərinə görə, müraciət edən vətəndaşların əksəriyyəti qan damar xəstəliklərinin kəskinləşməsi, hipertaniya, kəskin resprator xəstəliklər səbəbindən təcili tibbi yardıma üz tutub. Gün ərzində stansiyaya 2000-3000 müraciət edilib. Müraciətlərin çoxu uşaqlarda kəskin respirator xəstəliklərlə bağlı olub. Əgər adi günlərdə stansiyaya uşaqlarla bağlı 200-220 müraciət daxil olurdusa, bayram günlərində belə cağırışların sayı 450, bəzən isə 480-ə catıb. Ötən illərdən fərqli olaraq, bu il mədə-bağırsaq sisteminin pozğunluqları və qida zəhərlənmələri ilə əlaqədar edilən müraciətlərin sayında artım baş verməyib. Adi günlərdə olduğu kimi, bayram günlərində də mədə-bağırsaq sisteminin pozğunluqları və qida zəhərlənmələri ilə əlaqədar stansiyaya gün ərzində 1-3 müraciət daxil olub. Bu isə son bir həftədə daha çox hava şəraitinin soyuq keçməsi və qidaların da soyuq şəraitdə saxlanılması ilə izah edilir.

 

Son bir həftə ərzində paytaxtda 2 nəfərin dəm qazından zəhərlənərək dünyasını dəyişdiyini deyən həkim bildirib ki, mərkəzə ümumilikdə dəm qazından zəhərlənmə ilə 58 nəfər müraciət edib: "Ümumilikdə 58 nəfər müraciət edib ki, bunlardan 38-i xəstəxanaya yerləşdirilib. Dəm qazından zəhərlənmə nəticəsində ilk ölüm hadisəsi yanvarın 1-də qeydə alınıb. Həmin hadisə Bakının Sabuncu rayonunda baş verib. Bu hadisə nəticəsində 50 yaşlı kişi hamamda dünyasını dəyişib. Yanvarın 3-də Bakının Xətai rayonunda 23 yaşlı oğlan hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Təcili yardım briqadaları hadisə yerinə catan zaman hər iki şəxs dünyasını dəyişmiş olub".

 

Təcili tibbi yardıma müraciət edənlərlə yanaşı, 1 saylı Klinik Xəstəxananın Toksikologiya şöbəsinə də ümumilikdə 16 nəfər müraciət edib ki, bunlardan da 3-ü uşaq olub. Bayram günlərində vətəndaşlar yol-nəqliyyat hadisələrindən də sığortalanmayıblar. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 45 yol-nəqliyyat hadisəsi ilə əlaqədar cağırış edilib.

 

Leyla Musayeva deyib ki, Mərkəzə daxil olan 45 yol-nəqliyyat çağırışı nəticəsində 4 nəfər dünyasını dəyib. 10 nəfər insanı maşın vurub. Həmin şəxslərin hamısı xəstəxanalara yerləşdirilib.

 

Qeyri-iş günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 28 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, respublika yollarında ümumilikdə 80 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 28 nəfər həlak olub. Daha 126 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son 24 saat ərzində ölkə yollarında baş vermiş 15 qəzada 6 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Lənkəranda baş vermiş ağır qəzada bir ailənin 3 üzvü dünyasını dəyişib.

 

 

Müəllif | Apa.Tv