Məcburi köçkünlərin EVİ KÜLƏ DÖNDÜ

Gəncənin Hacıkənd qəsəbəsində güclü yanğın olub. Hadisə qəsəbədə məskunlaşan Xocalı rayonunun Kosalar kənd sakini Şükür Quliyevə məxsus 160 kvadratmetr taxtadan olan evdə baş verib.

 

Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin, Kəpəz rayon Yanğından Mühafizə Hissəsinin 76 saylı yanğından mühafizə bölməsinin və Göygöl Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Qəsəbəyə 3 yanğınsöndürən avtomobil gəlib. Lakin evin taxtadan olması işi çətinləşdirib. APA TV-nin xəbərinə görə, hadisə zamanı evdə heç kəs olmayıb. Ev sahibi Şükür Quliyev deyib ki, xəstə olan nəvəsini Bərdəyə aparıblar. Gecə orda olarkən evinin yandığı barədə xəbər alıb.

 

Yanan evdə 8 nəfər olmaqla iki ailə məskunlaşıb. Alov evdə olan bütün əşyaları külə döndərib. Hazırda ailə üzvləri yaxınlarınının evində məskunlaşıb.

 

Demək olar ki, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb. Soyuducu, paltar yuyan maşın, bütün yorğan-döşək hamısı yanaraq kül olub.

 

"Bizim rəhbərlərdən xahiş edirəm az miqdarda olsa da mənə köməklik edin".

 

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov