Ankara polisində zəlzələ: 560 POLİS İŞDƏN ÇIXARILDI

Yanvarın 7-nə keçən gecə Ankara Əmniyyət Müdirliyində 560 polis müdiri və məmuru vəzifələrindən çıxarılaraq, başqa yerlərə - passiv vəzifələrə təyin olunub. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, onların arasında hökumətin Gəzi parkı olaylarından sonra mükafatlandırdığı əmniyyət müdirinin müavini Mahmud Azmaz da var. Bununla  Türkiyə hökuməti ötən il dekabrın 17-də həyata keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra polis təşkilatını nurçu və nurçulara yaxın polislərdən təmizləməyə çalışır.

Daxili işlər naziri vəzifəsinə təyin olunan Əfqan Alanın qarşısına qoyulan əsas vəzifə nurçuların dövlət içərisində qurduğu bildirilən “paralel dövlət”in çökdürülməsidir. İlk olaraq, paytaxt Ankaranın polis təşkilatını yeniləyən Əfqan Ala “təmizləmə” əməliyyatını davam etdirir.

Bu arada "rüşvət əməliyyatı" çərçivəsində İranda həbs edilən iranlı iş adamı, Rza Zərrabın ortağı Babək Zəncani ilə bağlı maraqlı məlumat yayılıb. Onun dövlətə neft satışından əldə etdiyi gəlirlə bağlı borcunun olduğu iddia edilir.

 

APA TV-nin xəbərinə görə, İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Ejei mətbuat konfransında bildirib ki, Zəncaninin satdığı neft qarşılığında ölkənin qurumlarına 2 milyard avrodan çox borcu var: «O, borcunu ödəmədən xaricə qaçmaq istədiyi üçün tutulub».

 

Ərdoğan hökuməti 17 dekabr əməliyyatını dövlət orqanları içərisində mövqe tutmuş nurçuların hökuməti devirmə cəhdi kimi qiymətləndirir.  

Müəllif | Apa.Tv
Apa.tv