AXCP sədr müavini: "Müsavat Partiyasının bəyanatları bəhanə imiş"
"Müsavat Partiyasının qərarı təəssüf doğurur".
Bunu APA TV-yə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının sözlərinə görə, Müsavat Partiyasının Milli Şuradan ayrılmaq qərarı onu göstərir ki, partiyanın indiyə qədərki bəyanatları bəhanə imiş: "Müsavat Partiyası rəhbərliyinin özəl korporativ maraqları ilə bağlı olan bir qərardır. Ehtimal olunur ki, məhz Müsavat Partiyasına 2015-ci ildə keçiriləcək parlament seçkilərində mandat söz verilib. Bu mandatın verilməsində şərti olaraq, Müsavat Partiyasının Milli Şuranı tərk etməsi təklif olunub. İndi də partiya üzərinə düşən öhdəliyi üzərinə götürdü və Milli Şuradan ayrıldı".
"El" hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev isə Müsavat partiyasının son qərarını belə qiymətləndirib: "Hesab edirəm ki, onlar Milli Şuradan gedirlərsə, buna təəssüflənməyə dəyməz. Hər halda insanın ağrısı da onun ağrısıdır. İnsan ağrıdan xilas olanda sevinir. Həm təəssüflənirəm, həm sevinirəm. Amma hər halda Milli Şura qorunub saxlanmalıdır".
Eldəniz Quliyev Müsavat Partiyasının atdığı son addımdan sonra “El” Hərəkatının Müsavat Partiyasının təklif etdiyi əməkdaşlıq sazişinə cavabının mənfi olduğunu da bildirib.
Müsavat Partiyası Milli Şuradan çıxmaq barədə bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şura artıq missiyasını başa çatdırıb. Prezident seçkilərindən sonra yeni situasiya yaranıb və bu situasiyaya uyğun olaraq yeni modellər, birliklər yaradılmalıdır.