Elçin Quliyev: "Sərhədlərimizin mühafizəsində çox ciddi irəliləyişlər var"
"Son illər Azərbaycan sərhəd mühafizəsində çox ciddi irəliləyişlər var".
APA Tv-nin xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Şəmkir Sərhəd Dəstəsinin yeni inşa olunmuş qarnizonunun açılışın zamanı jurnalistlərə deyib. Onun sözlərinə görə, bu cür qarnizonların inşası zabitlərin, gizirlərin sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Sərhəd Dəstəsinin komandiri Səmid Cəfərov bildirib ki, yeni inşa olunan qarnizonun xidməti və yaşayış sahəsi 22 ədəd binalar kompleksi, o cümlədən 106 mənzilli yaşayış sahəsindən ibarətdir.
Daha sonra binalara baxış keçirilib.
Qarnizon xidməti və yaşayış sahəsi 26480 kvadrat metr ərazini əhatə edir. Həmçinin ümumi ərazisi 8,64 hektar olan qarnizonda 2 mərtəbəli qərərgah binası, 5 mərtəbəli yataqxana və məişət təminatı binası, 40 yerlik tibb məntəqəsi, əsgər yeməkxanası, yeraltı tərəvəz anbarı, 500 nəfərlik konfrans zalı, idman şəhərciyi, avtomobil parkı yerləşir.
Yeni qarnizonda eyni zamanda Heydər Əliyev ideoloji məktəbi də yaradılıb.
Hərbi qulluqçular və onların ailələrinin yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədilə sərhəd dəstəsinin ərazisində yeni yaşayış şəhərciyi də salınıb. Şəhərcik bir ədəd 7 mərtəbəli, 98 mənzilli və bir ədəd 2 mərtəbəli 8 mənzilli yaşayış binalarından ibarətdir. Bütün mənzillər istilik sistemi, mebellər, məişət avadanlıqları ilə təchiz olunub. Burada asudə vaxtın səmərəli keçirilməsi üçün 6348 kvadrat metr sahədə park salınıb.