Son zamanlar geniş yayılmış TƏHLÜKƏLİ VİRUSDAN NECƏ QORUNMALI? - MƏSLƏHƏT
Son zamanlar əhali arasında kəskin temperatur, baş ağrısı, yuxarı tənəffüs yollarında boğulma ilə müşayiət olunan xəstəlik geniş yayılıb. APA TV-nin məlumatına görə, bununla bağlı xəstəxanalara müraciət edənlərin sayı da çoxalıb. Həkim-terapevt Nahid Məhərrəmov bildirib ki, insanlar arasında qrip kimi tanınan bu xəstəlik tamamilə başqa virusdur. Onun sözlərinə görə, ümumiyyətlə Azərbaycanda qrip virusu yoxdur: “İnsanlar səhvən yuxarı tənəffüs yollarındakı fəsadları qrip adlandırırlar. Əslində, qrip virus mənşəli başqa bir xəstəlikdir. İstənilən yuxarı tənəffüs yollarındakı fəsadlar qrip adlandırıla bilməz. Hazırda əhali arasında yayılan xəstəlik yuxarı tənəffüs yollarının iltihabıdır. Bu, bakteriya mənşəli bir xəstəlikdir və istənilən halda, immun sistemi zəif olan bir insana yoluxa bilər. Bu da çox ciddi və uzunmüddətli patologiya ilə nəticələnə bilər”.
Həkimin dediyinə görə, bu xəstəliyə yoluxma hava-damcı yolu ilə baş verir. Əsasən uşaqların yoluxduğu bu xəstəlikdən qorunmaq üçün mütləq maskalardan istifadə etmək lazımdır: “Əgər insanın immun sistemi zəifdirsə, hətta xəstə ilə söhbət zamanı ağızdan çıxan hava-damcı yolu ilə həmin insan yoluxa bilir. Yuxarı tənəffüs yollarının iltihabının nə üçün insanlar arasında belə asanlıqla yayılmasına və səbəbinə gəlincə, qeyd etmək lazımdır ki, yuxarı tənəffüs yollarının iltihabı əlamətləri temperaturun getdikcə artması və sinədə bəlğəm yaranmasıdır. Gecə tərləməsi də istisna deyil. Yuxarı tənəffüs yollarında boğulma və boğaz şişməsi də müşahidə olunur. Bunların hamısı yuxarı tənəffüs yollarının iltihabına, yəni kəskin bronxitə, müalicə olunmadıqda isə xroniki bronxitə gətirib çıxarır. Xroniki bronxit zamanı insanlarda daim yorğunluq, halsızlıq, rəngin avazıması kimi əlamətlərə rast gəlinir”.
Nahid Məhərrəmov deyir ki, xəstəliyin ağır fəsadları pnevmoniya, vərəm, ağır ağciyər xəstəliklərinə gətirib çıxarır. İmmunitetin güclənməsi və xəstəliyə qalib gəlmək üçün idman etmək, gündə 5 dəfə az-az qidalanmaq, “C” vitamini və maye qəbul etmək lazımdır. Onun sözlərinə görə, insanların həkimə müraciət etmədən müxtəlif cür dərmanlardan və antibiotiklərdən istifadə etməsi ağır fəsadlara yol aça bilər: "Bir insan hər zaman antibiotik içə bilməz. Bu gün yuxarı tənəffüs yollarının iltihabı zamanı xəstələr dərhal antibiotikə müraciət edirlər. Ancaq bu yanlışdır. Əgər tənəffüs yollarının iltihabı bakterial mənşəlidirsə və seçilən antibiotik də bakteriyaya uyğundursa, o zaman antibiotikin faydası olur. Əgər xəstəlik virus mənşəlidirsə, yaxud digər patologiyaya bağlıdırsa, o zaman antibiotik xəstəyə kömək etmir. Antibiotik bağırsaqlarda başqa disbakterioz fəsadlar yarada, bağırsaq florasını poza bilər, bu da başqa problemin, patologiyanın yaranması deməkdir”.
Həkimin sözlərinə görə, xəstəliyin sonra yenidən təkrarlanması ilə bağlı da şikayətlər olur. Belə halda xəstəlik kəskin haldan xroniki hala çevrilir: “Xəstəlik xroniki hala çevrildikdə, passiv şəkildə orqanizmdə qalır. O zaman qayıdır ki, artıq insanlar həkimə müraciət etmirlər. Xəstə temperaturdan, öskürəkdən şikayət edir. Bu əlamətlər müvəqqəti olaraq aradan götürülür, amma xəstəlik xroniki halda orqanizmdə qalır. Patologiya bir daha immun sistemi zəiflədikdə, virusa yoluxmuş insanla təmasda olduqda bir daha təkrarlanır və kəskin hala çevrilir. İnsanlar bunu qayıtmış xəstəlik kimi qəbul edirlər”.
Həkim məsləhət görür ki, xəstəlik kəskin hala çevrilibsə, xəstə ən azı bir-iki həftə istirahət etməlidir.
****************