Kanalizasiya kollektorunda qəza: BAKININ ƏSAS KÜÇƏLƏRİNDƏN BİRİ ÇİRKAB SULAR ALTINDA QALDI
Bakının Xətai rayonunda 300 millimetrlik kanalizasiya kollektorunda qəza baş verib və qısa müddət ərzində böyük bir ərazisini çirkab su basıb. Nəcəfqulu Rəfiyev küçəsi, eləcə də, Babək prospektinin bu küçə ilə kəsişən hissəsi çirkab sular üzündən keçilməz vəziyyətə düşüb.
Bakı şəhər Kanalizasiya Xidməti İdarəsindən APA TV-yə verilən məlumata görə, qəza baş verən kollektor Nərimanov və Xətai rayonlarının kanalizasiya xətlərinə xidmət edir. Diaqnostika zamanı kollektorda kənar cisim aşkarlanıb və kollektoru həmin cismin tutduğu bildirilir. Bakı şəhər Kanalizasiya Xidməti İdarəsinin əməkdaşları bütün gecəni ərazidə işləyiblər.
Mütəxəssislərin sözlərinə görə, kollektorun tutulmasına son vaxtlar ərazidəki yollarda aparılan təmir işləri səbəb ola bilər. Bundan əlavə, uzun illərdir kollektorlar təmizlənmir və nəticədə yığılan zibil kanalizasiya sisteminin işinin pozulmasına gətirib çıxarır. Hazırda Bakının müxtəlif ərazilərində kollektorların təmizlənməsinə başlanılıb ki, bu təhlükə aradan qaldırılsın.