Amerikada 187 MİLYON İNSAN ŞAXTADAN ƏZİYYƏT ÇƏKİR
ABŞ-da hava limanları rekord soyuqlar üzündən minlərlə reysi təxirə salmaqda dava edir. Təkcə ötən gün 2000-dən çox uçuş həyata keçirilməyib və beləliklə, soyuqlar başlayandan təxirə salınan reyslərin sayı on minlərlədir.
Rekord şaxta və qar ABŞ və Kanadada 187 milyondan çox adamın yaşadığı ərazini əhatə edir.
APA TV-nin xəbərinə görə, soyuq hava dəniz, avtobus və dəmir yolu nəqliyyatını da iflic edib. İllinoysda qarda ilişən qatarda 500-ə yaxın sərnişin köməksiz vəziyyətdə qalıb. Qatarın məxsus olduğu şirkət sərnişinlərin bir hissəsini avtobusla ərazidən çıxara bilib.
Xeyli sayda məktəb və iş yerinin bağlandığı bölgələrdə on minlərlə abonent işıqsız qalıb.
ABŞ-ın adətən havası mülayim olan bölgələrini təsir altına alan soyuqlar meyvə və tərəvəz istehsalçılarına külli miqdarda ziyan vurub.
Ötən gün Nyu-Yorkda 23 dərəcə şaxta müşahidə olunub.
Sinoptiklər bu gündən havanın nisbətən sabitləşəcəyini proqnozlaşdırırlar.