Ölkə gözəli və əri öldürüldü, körpə qızı yaralandı
Tanınmış kinoaktrisa, “Miss Venesuela-2004” gözəllik müsabiqəsinin qalibi olmuş Monika Spir həyat yoldaşı, irlandiyalı Tomas Berri ilə birlikdə qətlə yetirilib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, cütlüyün quldur hücumunun qurbanı olduğu güman olunur. Hücum nəticəsində Monika Spirin 5 yaşlı qızı ayağından güllə yarası alıb.
Yerli mətbuatın məlumatına görə, cinayət Venesuelanın qərbindəki magistral yolların birində baş verib. İçərisində güllələnmiş cütlük və yaralı uşağın olduğu avtomobil yolun kənarında polis əməkdaşları tərəfindən aşkarlanıb. Uşaq xəstəxanaya yerləşdirilib. Onun həyatına heç bir təhlükə yoxdur.
APA TV-nin xəbərinə görə, “Miss Venesuela-2004” gözəllik müsabiqəsinin qalibi Monika Spir son illər ABŞ-da yaşayıb. O, ispandilli “Telemundo” telekanalında çalışıb.