İntim görüntüləri yayılan ali dini rəhbər istefa verdi
Qırğızıstanın ali dini rəhbəri Rəhmətulla Eqemberdiyev istefa verib. Yerli mətbuatın yaydığı məlumata görə, buna səbəb müfti ilə bağlı yayılan intim videodur. Dindarların növbədənkənar iclasında Eqemberdiyevin istefası səs çoxluğu ilə qəbul olunub. Onun vəzifəsini müvəqqəti olaraq, müavini Maqsad Toktomuşev icra edəcək. Yeni müfti isə fevralın 8-də müsəlmanların qurultayında seçiləcək.
Eqemberdiyev və gənc qadının intim görüntüləri ilə bağlı qalmaqallı video yanvarın əvvəlində yayılıb. Daha sonra görüntülər internetdən silinib.
Müfti sonradan videodakı şəxsin məhz o, olduğunu etiraf edib. Qadını isə özünün ikinci arvadı adlandırıb. Eqemberdiyev qeyd edib ki, onun ailə həyatı ənənələrə və şəriətə əsasən, qurulub.
APA TV-nin xəbərinə görə, Qırğızıstanda rəsmi olaraq çoxarvadlılıq qadağandır və inzibati cəza nəzərdə tutur. Eqemberdiyevin sözlərinə görə, o ikinci ailə həyatını islam nikahına uyğun qurub. Bu hadisə ilə bağlı günahı isə müfti məmurların üstünə atıb.