Azərbaycanda 62 MİN NƏFƏR ƏLİL UŞAQ VAR
Azərbaycanda yaşı 18-dək olan şəxslərin sayı 2 milyon 539 min 7 nəfər, onlardan 3 yaşadək olanların sayı isə 662 min 4 nəfərdir. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, yaşı 18-dək olan şəxslərin 62 min nəfərində əlillik müəyyən olunub ki, onlardan da 8,7 min nəfəri 2012-ci ildə ilk dəfə əlillik almış 3 yaşa qədər uşaqdır. Respublikada qeydiyyatda olan 17 yaşınadək kar və zəif eşidən şəxslərin sayı 3 878, kor və zəif görənlərin sayı 14 871, əqli cəhətdən zəif inkişaf etmiş uşaqların sayı 6 462, serebral iflic qalığı olan uşaqların sayı 3 740, psixoloji inkişaf pozuntusu olan uşaqların sayı 2 417, anadangəlmə anomaliyaları (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntuları) olan uşaqların sayı 7 082, nitq qüsuru olan uşaqların sayı 7 492 nəfər təşkil edib.
APA TV-nin xəbərinə görə, qeyd olunub ki, hazırda uşaq əlilliyinin profilaktikası üçün Azərbaycanda bir sıra tədbirlər həyata keçirilir. Əlil uşaqlarla bağlı hazırlanan konsepsiya iki hissədən ibarətdir və 2020-ci ilə qədər dövrü əhatə edir. Birinci hissədə Bakı şəhərinin bir sıra tibb müəssisələrində, ikinci hissədə isə bütün tibb ocaqlarında erkən aşkarlanan və erkən müdaxilə fəaliyyətlərinin həyata keçirilməsi nəzərdə tutulur.