"Tufandağ"da sizi gözləyən sürprizlər - REPORTAJ

Paytaxtda və bölgələrdə qışın mülayim və qarsız keçməsi qış turizm komplekslərinin yaradılmasına ehtiyac yaradıb. Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yeni yay-qış istirahət kompleksi də bu məqsədlə inşa olunub. Qəbələnin digər ərazilərində qar görmək mümkün olmasa da, Tufandağ Yay Qış Kompleksi ərazisində 10 santimetr qalınlığında qar görmək mümkündür.

 

Yanvarın 3-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin rəsmi açılışında iştirak edib. Qonaqların istifadəsinə isə kompleks həftə sonu veriləcək. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Bu qış mövsümündə kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə etmək mümkün olacaq. Kompleksin girişində informasiya məntəqəsi yaradılıb ki, burda turistlərə hava şəraiti ilə əlaqədar hansı liftlərin açıq, hansılarının bağlı olması, xizək yollarında qarın vəziyyəti barədə və digər informasiyalar verilir.

 

Kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaq. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Stansiyalar bir-birindən 1414 metr məsafədə olan  və dəniz səviyyəsindən 1650 metr yüksəklikdə  yerləşir.

 

APA TV-nin xəbərinə, inşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir. Dağ-xizək liftləri hava şəraiti - küləyin sürəti və istiqaməti, yamacdan enmə, həmçinin xizək sürənlərə digər trassalardan aralı hərəkət etmə imkanları yaradır. Kompleksin ərazisində xizəklə eniş zolaqlarının qar örtüyünün təmin edilməsi məqsədilə burada 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi planlaşdırılıb. İstirahət mərkəzi gün ərzində 3 min nəfərə xidmət göstərmək imkanına malik olacaq. Artıq 2 min dəbilqə, şalvar və gödəkçədən ibarət xüsusi geyim kompleksə gətirilib. Kompleks açıldığı gündən əhaliyə pulsuz xidmət göstərib. Bundan sonra isə ödənişli əsaslarla olacaq, lakin güzəştlərlə. Belə ki, uşaqlar üçün pulsuz, məktəblilərə müxtəlif turlar təşkil olunmaqla, Qarabağ əlillərinə və yaşlılara müəyyən güzəştlərlə xidmət göstəriləcək.

 

İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı, eləcə də kirayə verildiyi obyektlər fəaliyyət göstərir. Bura təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də gələ bilər. Belə ki Türkiyədən gələn təlimçilər vasitəsi ilə xizəkdən istifadə qaydaları öyrədilir.

 

Xizək idman növü xüsusi qabiliyyət tələb etməyən idman növüdür. Ayaq üstə dura bilən hər kəs bu idmanın həyəcanını hiss edə bilər. Ancaq qaydalara düzgün riayət etməklə.

 

Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubun, otel binasının, villaların və müvafiq infrastruktur obyektlərinin inşası  da nəzərdə tutulur. Bu da bütün fəsillərdə əhaliyə xidmət imkanı yaradacaq.

 

Müəllif | Apa.Tv