Doğuş zamanı komaya düşən ANA ÖLDÜ
Mingəçevir şəhərində doğuş zamanı körpəsini itirən Ocaqverdiyeva Esmira Yadulla qızı dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb. Dekabrın 28-də oğlan övladını dünyaya gətirmək üçün xəstəxanaya yerləşdirilən Mingəçevir şəhər sakini, 1979-cu il təvəllüdlü Ocaqverdiyeva Esmira Yadulla qızının vəziyyəti doğuş zamanı qəflətən pisləşib və o, koma vəziyyətinə düşüb. Uşaq ölü doğulub, vəziyyəti ağır olan ana isə reanimasiya şöbəsinə yerləşdirilib. 2 həftə xəstəxanda koma vəziyyətində qalan Ocaqverdiyeva Esmira Yadulla qızı yanvarın 9 -da dünyasını dəyişib.
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, doğuşdan sonra qadında kəskin qanaxma baş verib və xəstə dərhal əməliyyat edilib. Ancaq buna baxmayaraq, qadın komaya düşüb. Qanaxmaya hamiləliyin son ayında qadının səhhətində yaranan problemin və yüksək təzyiqin səbəb olduğu bildirilir. Həkimlər uşağın doğuşdan əvvəl, yəni ana bətnində öldüyünü, xəstənin yaxın qohumları isə uşağın və ananın ölümünü həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirirlər. Xəstəxana rəhbərliyi isə qadına vaxtında tibbi yardımın göstərildiyini, hər hansı həkim səhlənkarlığının olmadığını deyirlər. Faktla bağlı araşdırma aparılır.