XİN-dən münasibət: "SURİYADA ÖLDÜRÜLƏN AZƏRBAYCANLILAR..."

Xarici İşlər Nazirliyi son günlər Suriyada Azərbaycan vətəndaşlarının öldürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Bu barədə APA-nın sorğusunu cavablandıran nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, nazirlik Suriyada baş verənləri yaxından izləyir: “İlk növbədə çalışırıq ki, orada öldürüldüyü bildirilən şəxslərin Azərbaycan vətəndaşı, yaxud azərbaycanlı olub-olmadığını müəyyənləşdirək. Həmin şəxslərin Azərbaycan vətəndaşı və yaxud azərbaycanlı olması müəyyənləşərsə, bundan sonra araşdırılmalıdır ki, onlar Suriyaya hansı yollarla və hansı vasitələrlə gedib çıxıblar. Nəzərə alsaq ki, Suriyada hazırda vəziyyət gərgin olaraq qalır və bu ölkədə heç bir diplomatik nümayəndəlik fəaliyyət göstərmir, bunun bizim araşdırmalarımıza necə böyük əngəl törətdiyini müəyyən etmək çətin deyil. Lakin bu çətinliklərə və əngəllərə baxmayaraq, bizim bu istiqamətdə araşdırmalarımız davam etdirilir”.

 

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini dayandıraraq Livanın paytaxtı Beyruta köçürülüb. E. Abdullayev, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin 2011-ci ildə elan etdiyi Azərbaycan vətəndaşlarının Suriyaya səfər etmələrinin məqsədə uyğun hesab edilməməsi ilə bağlı xəbərdarlığının qüvvədə qaldığını da xatırladıb.

 

Müəllif | Apa.Tv
Apa.tv