Konfet ağacı qışda bar verdi
Lənkəran rayonunun Bürcəli kənd sakini Nizam Cabbarovun şəxsi həyətyanı təsərrüfatında yetişdirdiyi konfet ağacı növbəti dəfə bar verib. 59 yaşlı bağbanın sözlərinə görə, vətəni Yaponiya, Çin, Hindistan və Koreya sayılan bu ağac Azərbaycanda təcrübə olaraq, ilk dəfə 1935-ci ildə Mərdəkanda yetişdirilib. Nəticə müsbət olduğundan konfet ağacından respublikanın subtropik iqlim şəraitinə məxsus ərazilərində, eləcə də Lənkəran rayonunda əkib çoxaldıblar. Sonradan baxımsızlıq ucbatından həmin ağacların hamısı məhv olub: "Çiçəklənmə dövrü iyun ayında olur, meyvə yetişməsi isə oktyabrda. Bir qismini satmışam, yarısını pay vermişəm".
APA TV-nin xəbərinə görə, bağban deyir ki, konfet ağacının sürüşmə baş verən ərazilərdə əkilib çoxaldılması torpağın eroziyaya uğramasının qarşısını alır. Ağacının meyvələrindən təkcə çərəz kimi deyil, həm də dərman vasitəsi kimi istifadə olunur. Meyvələr həmçinin nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq və öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində effektiv təsirə malikdir.