Azərbaycanda yeni qızıl ehtiyatları aşkarlandı

Azərbaycanda yeni qızıl ehtiyatları aşkarlanıb. Qızıl hasilatı ilə məşğul olan Böyük Britaniyanın «Anglo-Asian Mining plc.» şirkəti ölkənin qərbində «Gədəbəy» qızıl mədənində apardığı qazma işləri proqramının ilkin nəticələrini açıqlayıb.

 

APA-nın məlumatına görə, Britaniya şirkəti Gədəbəy rayonunda yerləşən bu yataqda yüksək əyarlı qızıl sahəsinin aşkar edildiyini bildirib. Şirkətin bununla bağlı yaydığı rəsmi açıqlamada qeyd edilir ki, yatağın şimal hisssində 3 000 metr dərinlikdə aparılan qazıntı işləri nəticəsində yeni qızıl ehtiyatları aşkarlanıb.


Şirkətin icraçı direktoru Rza Vəziri bununla bağlı bildirib ki, aşkar edilmiş ehtiyatlar «Gədəbəy»in daha geniş minerallaşma sisteminin bir parçası olduğu nəzəriyyəsini təsdiqləyir. Onun sözlərinə görə, yeni mədəninin qızıl tərkibinin yoxlanılması üçün gələn ay daha iki quyunun qazılması planlaşdırılır: «Aşkar edilmiş ehtiyatların tam həcmi bəlli olmasa da, 2014-cü ildə həyata keçiriləcək tədqiqat işləri «Gədəbəy»də əlavə ehtiyatların həcmini müəyyən edəcək».

 

APA TV-nin məlumatına görə, bu xəbərdən sonra «Anglo-Asian Mining» şirkətinin səhmləri 5,11% bahalaşıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı